“Metropoliten” maliyyə hesabatını niyə açıqlamır? – Vergi borcu 17 milyonu keçdi
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Turantv.az açqılanan rəsmi məlumatlara istinadən
bildirir ki, hazırda (01.10.2023-cü il tarixinə) "Bakı Metropoliteni”
QSC-nin dövlət büdcəsinə 17 milyon 256 min 705 manat 75 qəpik vergi
borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 milyard 580 milyon 638
min 397 manat 20 qəpik olan QSC-nin vergi borcu son 1 il ərzində
təxminən 4 milyon manat artıb. Belə ki, ötən ilin iyul ayında "Bakı
Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13,1 milyon manat vergi borcu
olub.
Onu da qeyd edək ki, "Bakı Metropoliteni” son 2 ildir maliyyə hesabatını
açıqlamır. Bu ilin aprel ayında mətbuata verdiyi açıqlamada "Bakı
Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki,
hesabatın yubanmasının səbəbi audit yoxlaması ilə bağlıdır. QSC
rəsmisinin bu açıqlamasından 7 ay ötsə də, maliyyə hesabatı hələ də
açıqlanmayıb.
Xatırladaq ki, "Bakı Metropoliteni” sonuncu dəfə maliyyə hesabatını
2020-ci ildə açıqlayıb. Həmin hesabata görə, "Bakı Metropoliteni”nin
2020-ci ildəki xalis zərəri 83 milyon 542 min 500 manat 6 qəpik olub.
2019-cu ilin hesabatında isə "Bakı Metropoliteni”nin 55 milyon manat
zərər etdiyi açıqlanıb.