Səma şahinlərimizin qəhrəmanlıq salnaməsi: 34 illik şərəfli yol

Səma şahinlərimizin qəhrəmanlıq salnaməsi: 34 illik şərəfli yol

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri (HHQ) Günüdür.


Kanal1.Az xatırladır ki, hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir.

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

İlk təyyarənin HHQ-nin arsenalına qəbul edilməsinin maraqlı tarixçəsi var.

Belə ki, ölkəmizin ikinci müstəqilliyi dövründə - 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk təyyarəni arsenalına qəbul edib.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Ölkəmiz müstəqillik qazandığı dövrdən etibarən HHQ-nin inkişafında növbəti mərhələ başlayıb. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı, uçuş və döyüş hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılıb.


Torpaqlarımızın azad edilməsində də səma şahinlərimizin rolu əvəzsizdir.

Hələ Aprel döyüşlərində HHQ uğurlu döyüş əməliyyatları aparmış, düşmənin xeyrli sayda canlı qüvvə və texnikasını məhv etmişdi. Döyüşlərdə "Mi-24" helikopterinin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. Vətən müharibəsində HHQ tərəfindən Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin qarşı tərəfin fikrini yayındırmaq üçün variantları idi. Düşməni bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələrini havaya qaldırıb, kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edib.


İkinci tədbir kimi, düşmənin bu üsulu başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus, göyərtəsində pilot olmayan, "kukuruznik" kimi tanınan "AN-2" təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində HHQ ilə HHMQ-nin birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. "Bayraktar", "Harop", "Sky Striker" zərbə dronları düşmən hədəflərini məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Onlardan iki nəfəri bu mükafata ölümlərindən sonra layiq görülüb. Həmin müharibədə DSX-nin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Əminliklə deyə bilərik ki, səmamızın mühafizəsi etibarlı əllərdədir.


Kanal1.Az Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə çalışan hərbçilərimizi təbrik edir, onlara uğurlar arzu edirik.