Bakının Suraxanı rayonunun Bahar qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb.
Kanal1.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beton plitələrin uçması nəticəsində iki nəfərin dağıntılar altında qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntılar altında qalan şəxsləri çıxarıblar. 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyev sağ xilas edilib. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyiti dağıntılar altından çıxarılıb.
Hər iki şəxs aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.