Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB

Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu - SƏBƏB

Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.

Kanal1.Az xəbər verir ki, bu barədə "Report"a Dövlət Turizm Agentliyi (DTA) bildirib.

Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlama olub.

"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan hotellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 hotelin ulduz kateqoriyasına sahib olduğu barədə sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən hotel isə qeydə alınmayıb", - deyə agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var. Həmin hotellərdən 23-ü beşulduzlu, 43-ü dördulduzlu, 101-i üçulduzlu, 84-ü ikiulduzlu, 32-si isə birulduzludur.

Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10-u beşulduzlu, 26-sı dördulduzlu, 72-si üçulduzlu, 72-si ikiulduzlu və 28-i birulduzlu hotel fəaliyyət göstərir.

Bakıda yerləşən ulduzlu hotellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduz kateqoriyalı hotellərin 73.5%-i deməkdir.