Tovuzda başçıya söykənən daha bir “YEMƏLİ” proses… – Bu faktlar ARAŞDIRILARSA…
Turantv.az: – Tovuz rayonunda mərkəzi yollar yararlı olsa da, kənd yolları və məhəlli yollar bərbad vəziyyətdədir. Rayon sakinləri payız-qış aylarında yararsız yolların üzünüdən min bir əziyyətə qatlaşmalı olur.
Tovuz Azərbaycanın böyük rayonlarından biridir. Rayonun
sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət büdcəsindən də
kifayət qədər vəsait ayrılır.
Ayrıca yolların əsaslı təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti vaxtaşırı tender elan edir.
Bu tenderlərin qalibi əsasən "Göygöl Tikinti” MMC, "Ərdağı” MMC olur.
Reportyor.info-nun apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə 2023-cü ildə "Göygöl Tikinti” MMC icra hakimiyyətinin keçirdiyi 5 tenderin qalibi olub və bir gündə şirkətlə 5 müqavilə imzalanıb.
Maraqlıdır ki, imzlanan müqavilələrin hamısında yolların əsaslı
təmiri nəzərdə tutulub. Müqavilələrin toplam maliyyə dəyəri isə 305
517.98 AZN təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr
məlumatlarına görə, "Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə
qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı
Şəmkir rayonunun Düzışqlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi
Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
Maraqlıdır ki, şirkət yarandığı qısa müddət ərzində satınalma müsabiqələrində fəal iştirak edib və yuxarıda qeyd etdiyimiz kimi əsasən Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi seçilib.
Bu isə icra hakimiyyəti ilə şirkət arasında hansısa mübhəm sövdələşmə barədə şübhələr yaradır.
"Ərdağı” MMC-yə gəlincə, bu şirkət 2022-ci ildə Tovuz Rayon İcra
Hakimiyyətinin keçirdiyi iki iriməbləğli tenderin qalibi olub. Bunlardan
biri Tovuz rayonunda yolların əsaslı təmiri ilə bağlı satınalma
müsabiqəsi olub ki, tərəflər arasında bağlanan müqavilənin maliyyə
dəyəri 529.971,69 AZN təşkil edib.
Digər tender isə Tovuz şəhəri və Bozalqanlı kəndində yolların əsaslı
təmiri ilə bağlı olub. Bu lot üzrə icra hakimiyyəti ilə şirkət arasında
maliyyə dəyəri 248.501,33 AZN təşkil edən müqavilə bağlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr
məlumatlarına əsasən "Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb.
Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində
fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi
isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur.
"Ərdağı” MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10
manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.
Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim
Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə
məxsusdur.
"Ərdağı” MMC ilə bağlı araşdırma apararkən o da aydın olub ki, artıq
şirkətin adı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda
çıxmır. Görünür, sözügedən MMC-nin tender oyunlarında iştirakı barədə
mediada yer alan məlumatlar şirkətin sahibi, yaxud sahiblərini narahat
edib.
Yeri gəlmişkən, 2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə
"Ərdağı” MMC arasında maliyyə dəyəri 1 997 796,43 AZN təşkil edən
müqavilə imzalanıb. Amma dövlət satınalmalarının internet portalında
qalibin adı gizlədilib. Hələ o zaman media bu faktı əsas gətirərək
"Ərdağı” MMC-nin şübhəli şirkət olduğunu yazırdı.
Göründüyü kimi bir il ərzində Tovuzun yollarına 2 milyon manata yaxın
pul "səpilib”. Rayon sakinləri isə deyir ki, yollar heç də təmirdən
çıxmış yollara oxşamır.
Görünür, şübhəli şirkətlərlə bağlanan müqavilələr başqa məqsəd daşıyır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildən bu vəzifəni daşıyır. //Reportyor.info//
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay