"Son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar bir neçə ildən sonra bu qurumların "qəbiristanlıq yeri satan təşkilat" kimi tanınması təhlükəsi yaranır".
Kanal1.Az xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.
O bildirib ki, qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin hamıya məlumdur ki, bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur:
"Bəzi hallarda rüsum tətbiq edilir. Məsələn, ayrı-ayrı rayonlarda 61 manat məbləğində rüsumun tətbiq edildiyi bildirilir. Sual yaranır ki, bu rüsum hansı əsasla müəyyən edilib?
Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir. Hesab edirəm ki, bələdiyyələr vətəndaşlara xidmət prinsipi əsasında fəaliyyət göstərməlidir və qəbiristanlıq yerləri ilə bağlı ödənişlərin tətbiqi ümumiyyətlə məqsədəuyğun deyil. Bu torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi daha doğru olardı. Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur.
Lakin mən düşünürəm ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən "torpaq satan qurum" kimi formalaşmış mənfi imiclə üzləşməsin. Təbii ki, bələdiyyələrin inkişafı ilə yanaşı problemlər də mövcuddur və bu problemlər az deyil. Biz hüquqi dövlətdə yaşayırıq və bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır. Bununla bağlı öz təkliflərimizi təqdim edəcəyik".