Aprelin 6-dan etibarən 2025-ci ilin oktyabr - 2026-cı ilin aprel ayları arasında ictimai nəqliyyatda NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.
Kanal1.Az xəbər verir ki, bu barədə "BakıKart" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər.
"Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.
Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaq. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz. Sual yarandığı halda "BakıKart"ın *4343 qaynar xəttinə müraciət edə bilərsiniz. Anlayışınız üçün təşəkkür edirik", - məlumatda bildirilir.