Bakıda kişini tanışı olan qadının sifarişi ilə döydülər, şantajla pul tələb etdilər

Bakıda kişini tanışı olan qadının sifarişi ilə döydülər, şantajla pul tələb etdilər

42 yaşlı Bakı sakini paytaxtın Xətai rayonunun Neapol küçəsində yerləşən kafelərdən birində iki nəfərin ona qarşı sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etməsi barədə polisə məlumat verib.

Kanal1.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq, ondan 25 min manat tələb olunduğunu, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər. Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.