Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILIR

Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILIR

Qadın hərbçilərlə bağlanan ilkin müqavilənin müddəti 3 ildən 6 ayadək azaldılır.

Kanal1.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif ediləm dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, təqdim edilən qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

Bildirilir ki, qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun müvafiq maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib.

Həmin müddəa "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 12-ci maddəsinin "b" bəndində də nəzərdə tutulub.

Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər.

Vurğulanır ki, qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.