Gündəm / Cəmiyyət
27.12.2023, 10:50
“Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” – “Sea Breeze” işində prokurora suallar verildi
"Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu
müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın
övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb
nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” – "Sea
Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən
prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb.
3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər
Zeynalovun sədrliyi ilə "Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar
aparılır. İttihama görə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman
Vəlizadə və məktəbli Murad Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur
Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir,
təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə, davanın
dostu Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə
Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli
olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib.
Dekabrın 26-da Elnur Məmmədov yenə də prosesə gəlməmişdi. Tərəflər
Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz
etmədilər. Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin
telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı
elan etdi.
İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də
Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə "Sea
Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada
olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər. Elmir
İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, sorğudan açıq-aşkar Peyman
Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən zaman (23:00 radələri)
"Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə
uzada yerləşən Mərdəkan qəsəbəsində olmaları görünür. Vəkil hər iki
şəxsin hərəkət traektoriyasında olan telefon-anten ötürücülərinin
yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad
Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Hər iki şəxsin "Sea
Breeze”yə gecə saat 4:44 və 4:52-yə gəldikəri sorğudan görünür:
– Sorğuya cavabla işdə olan videogörüntülər də, şahid,
təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür,
bu şəxslər "Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur.
Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının
məqsədini izah edib: "Bu sübutu sorğunu verib ona görə alırıq ki,
görünsün ki, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın
mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü
kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham
da, guya, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı
tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq
ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında
mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də
olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik.
Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində
başlayıbsa, o halda Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla
dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora
çatardılar. "Bizim Cəbiş müəllim” filmində olduğu kimi, "Çəkilin,
Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi. Görünən odur ki, bu uşaqlar
ora səhərə yaxın 5-ə qalmış gediblər. O da başını-gözünü vurub əzəndən
sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər
Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində
olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra
etmədiklərini göstərir.
Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında
xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından
görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və
Məhəmməd Həsənzadə "Sea Breeze”də olmayıblar.
Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz
aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə
formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə
yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, "Sea Breeze”yə
mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı
təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan
söhbət gedə bilməz.
Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki,
Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad
Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə
ittihamda göstərilən saatda "Sea Breeze”də olmayıblar: "Onlar davadan 4
saat sonra "Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət
alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.
Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət
bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir.
Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə
təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət
ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun
iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını
çatdırdı. Elnur Məmmədovun nümayəndəsinin mövqeyi fərqli olmadı.
Vəkil Abbas Kərimbəyli isə dövlət ittihamçısına etiraz etdi: "Bu
gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir
aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar
görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb.
İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən
etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada
olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23
radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli
prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər
Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə,
hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də
ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət
etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir?
Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak
etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz?
Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq
deyil, camaat 7 aydır "içəri”dədir, ortada videolar da var. Prokuror
vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib
gətirib burada oturulmasını tələb etmək əvəzinə… onun "podelniki” Cavad
da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən,
bütün videolara düşən sən, "içəri”də yatan biz”.
Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət
ərizəsi yazacaq: "Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı
tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnr barəsində qərar var.
Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun
barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur,
olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki,
bu uşqlar "içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!
Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın,
dövlət ittihamçısına söz verin. Prokurorun işin uzadılmasında məqsədi
nədir? Cavan uşaqlar "içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün
mövqe deyil. Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını
nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe
bildirməkdən yayınır.
Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov
sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad
Əhmədlinin "Sea Breeze”də olmadığını deyib.
Məhəmməd Həsənzadə hakimdən söz istədi: "Möhtərəm hakim, Elnur özü
burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri
yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.
Dövlət ittihamçısı müdaxilə edir:
-Elnur Məmmədov elə söz deməyib.
Məhəmməd Həsənzadə:
-Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət
ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik,
dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə
yanaşmadır?
Dövlət ittihamçısı:
-O zərərçəkəndir.
Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə
edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın
övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb
nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?
Dövlət ittihamçısı:
-Elnurun barəsində cinayət işi ayrılıb.
Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda
yekunlaşdırılsın. Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay