«SEA BREEZE» İŞİNDƏ DÖVLƏT İTTİHAMÇISI ELNUR MƏMMƏDOVUN VƏKİLI QİSMİNDƏ ÇIXIŞ EDİR
Sensasion video ortaya çıxdı — oliqarx oğlu Elnur Məmmədov 2 yox, 3 dava salıbmış…
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun
sədrliyi ilə bu ilin yayında «Sea Breeze”də baş vermiş kütləvi davada
tərəf olmuş şəxslərin işi üzrə araşdırmalar davam edir.
Təqsirləndirilənlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd
Həsənzadə və Murad Əhmədli çıxarılıblar. Bu şəxslər xuliqanlıqda
ittiham olunurlar. İş üzrə iki zərərçəkən var — Cavad Muradov və Elnur
Məmmədov. «Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis
İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən
əlavə daha iki cinayət işi araşdırılıb. Həmin işlərdən biri də məhkəməyə
göndərilib. Elmir İsmayılov və digərilərinin cinayət işi üzrə
zərərçəkən olan Cavad Muradov həmin iş üzrə təqsirləndirilən şəxsdir.
Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından
gətirilir. Onunla birgə təqsirləndirilənlər skamyasını bölüşən Elnur
Məmmədov isə azadlıqdadır və o, bu gün də, keçirilən prosesə qatılmayıb.
Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və
Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan
barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.
Dekabrın 19-da keçirilən prosesdə Məhəmməd Həsənzadənin vəkili Vüsal
Orucov məhkəməyə arayış təqdim edib. Vəkil bildirib ki, prokuror ötən
prosesdə işdə olan və Məhəmməd Həsənzadənin istifadəsindəki telefon
nömrəsi ilə bağlı şübhələri dilə gətirib. Vəkil deyib ki, mobil
operatora sorğu verib, alınan cavabda qeyd olunur ki, telefon nömrəsi
Məmmədov Rza Elçin oğlunun adınadır. Rza Məmmədov da notarial qaydada
təsdiqlənmiş ərizəsində bildirib ki, nömrə onun adına alınsa da, faktiki
olaraq Məhəmməd Həsənzadə işlədir.
Vəkil hər iki sənədi məhkəməyə təqdim edib, bildirib ki, Rza Məmmədov da
məhkəməyə gəlib, zərurət bilinərsə, dindirilməsi də baş tutsun.
Hakim bildirib ki, indiki mərhlədə Rza Məmmədovun dindirilməsi zərurəti yoxdur.
Bundan sonra hakim iş materiallarına əlavə edilmiş videoların tədqiqinə başlanıldığını elan etdi.
İlk video «Sea Breeze”dəki «White villa 10” kamerasından götürülən, 11
iyun 2023-cü ildə, saat 03:40-da çəkilib. 40 dəqiqəlik videoda ilk
olaraq 11-12 nəfərin yığışdığı, kənardan onların yanına 5-6 nəfərin
gəldiyi görünür.
Vəkil Vüsal Orucov 40 dəqiqəlik videoya tam baxılmasına etiraz etdi.
Dedi ki, görünən odur ki, iş üzrə bir nəfər qurşağa qədər soyunub və
başına toplaşanlar da onu sakitləşdirməyə çalışırlar. Orada
təqsirləndirilən şəxslərdən kimsə yoxdur və bu videoya baxış keçirilməsi
mənasızdır. Məhkəməyə hər hansı bir nəticəyə gəlməyə də imkan
verməyəcək.
Prokuror bildirdi ki, Peyman Vəlizadə dava zaman orada olmadığını deyir, amma videodan görünür ki, orada olub.
Peyman Vəlizadə isə bildirdi ki, o, heç vaxt dava zamanı orada olmasını
inkar etməyib: «Mən deməmişəm ki, orada olmamışam. Demişəm ki, ora
sonradan gəlmişəm”.
Hakim Peyman Vəlizadəyə yerindən danışmasını irad tutdu. Digər video
«Sea Breeze”dəki «White villa 36” kamerasından götürülüb və 11 iyun
2023-cü ildə, saat 03:50-də çəkilib. Bu videoda da nə zərərçəkənlər, nə
də ki, təqsirləndirilənlər görünmür.
Videolar tədqiq edilərkən vəkillər hakimin diqqətinə çatdırdılar ki, əsas video iş materialalrına əlavə edilməyib.
Həmin videoda Elnur Məmmədov və axtarışda olan digər 6 nəfər şəxslər Elmir İsmayılovu döyüb, maşınını əziblər.
Vəkil Vüsal Orucov hakimdən xahiş edib ki, ittihamın başlanğıcında yazılanlara uyğun video təqdim edilsin:
«Görünsün ki, ümumiyyətlə bu dava necə başlayıb, təşəbbüsçü kim olub?
Təşəbbüsçü görünməsə, kiminsə əməlinə xuliqanlıq qiymətini necə verə
bilərik? Kimsə kiminləsə davam edirsə, dava kimin təşəbbüsü ilə
başlayırsa, xuliqanlıq onun əməlində var.
Daha bir video tədqiq olunarkən sensasion təfərrat meydana çıxdı. Aydın
oldu ki, Elnur Məmmədov və ətrafındakı axtarışda olan 6 nəfər şəxslər
Elmir İsmayılovu döyüb maşınını əziblər. Bundan sonra ərazidən keçən
daha bir minik maşınında olan şəxslərlə mübahisə edblər. Mübahisə minik
maşınında olan şəxslərin Elnur Məmmədov və ətrafındakı şəxlərlə
döymələri ilə sonuclanıb. Ən diqqət çəkən məqam isə budur ki, bu dava
ilə bağlı hər hansı bir araşdırma aparılmayıb. Aparılıbsa belə, həmin
davada döyülən şəxslərin kimlikləri açıqlanmayıb.
Məhkəmədə belə anlaşıldı ki, bu video səhvən iş materiallarına əlavə
olunub və daha bir dava epizodunu əhatə edir. Bu videoda Elmir
İsmayılov, o döyüləndən saatlar sonra «Sea Breeze”yə gələn onun qardaşı
Elgün İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli
yoxdur. Sensasion videodan görünür ki, «Sea Breeze”də minik maşını
Elnur Məmmədov, Cavad Muradov və digər şəxslərin yanında saxlayır.
Maşından düşən şəxslə Elnur Məmmədov arasında dava düşür. Video tədqiq
olunarkən zalda «bu Elnurdur, o da Cavaddır” sözləri eşidilir. Bu zaman
prokuror Amin Şəkərəliyev «Cavad deyir ki, mən heç kimi vurmamışam”
deyir. Videodan da görünür ki, vurub yıxır” sözlərini deməsi Cavad
Muradovun etirazına səbəb oldu: «Mən deməmişəm ki, heç kimi vurmamışam.
Bu dava ümumiyyətlə ittihamda yoxdur. İttihamı hamımız oxumuşuq.
İttihamda Elmirdən söhbət gedir. Bu videoda isə Elmir yoxdur. Belə çıxır
ki, mənim rinqdə olan videolarımı da ittihama əlavə etmək lazımdır? Bu
videoda ittihama aid olmayan şəxslərdir. Bu video düzgün olaraq işə
əlavə edilməyib. Bu videoda Elmir İsmayılov yoxdur axı!”
Hakim: «Təqdim olunan videolar tədqiq olunmalıdır”.Cavad Muradov:
«Möhtərəm hakim, ittiham çərçivəsində tədqiq olunmalıdır. Bu videoda
göstərilən dava ittihamda yoxdur axı. Bu video səhv olaraq əlavə
edilib”.
Vəkil Vüsal Orucov Cavad Muradova dəqiqləşdirici sual verir: «O videoda kimlər var?”
Cavad Muradovun sözlərinə görə həmin vaxt maşında olanlar yanlarından
keçərkən söyüş söyüblər, buna görə də aralarında mübahisə başlayıb: «O
məsələnin bu işə heç bir aidiyyatı yoxdur”. İş üzrə videolar tədqiq
olunarkən prokuror «Peyman burada görünür” deməsi vəkillərin etirazına
səbəb oldu. Prokurordan tələb etdilər ki, qarşısındakı monitorda videoya
baxıb fikir söyləməsin.
Hakim də vəkillərin etirazını haqlı saydı: «Dövlət ittihamçısı, çox
xahiş edirəm fikirlərinizi deyəndə konkret deyin, vəkillər də bilsin ki,
söhbət nədən gedir. Şəkilə baxıb «bu Cavaddır, bu Peymandır” deyirsiz,
belə olmur axı. Fikirlərinizi çatdırın və izah verin”.
Dövlət ittihamçısının «özləri görürlər” deməsinə vəkillər yenə də etiraz
etdilər: «Biz görmürük. İttihamda yazılıb ki, 23 radələrində bu dava
olub. Videodan da görünür ki, gecə 4-ə qalıb”.
Vəkil Abbas Kərimbəyli bildirdi ki, ittihamda yazılıb ki, Elmir
İsmayılovu Elnur Məmmədov və digər şəxslər 23 radələrində döyüblər,
maşınını əziblər.İtthamda yazılır ki, guya Elmir İsmayılovun qardaşı
Elgün İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli
həmin vaxt onun yanında olublar.
Şahid ifadələri ilə, zərərçəkənlərin sözləri ilə, digər dəlillərlə də
sübut olundu ki, Elmir İsmayılov tək olub. O, döyüləndən xeyli sonra
qardaşı Elgün İsmayılova zəng edib, xahiş edib ki, gəlib onu xəstəxanaya
aparsın. Elgün İsmayılov da ona dostları Məhəmməd Həsənzadə, Peyman
Vəlizadə və Murad Əhmədli həmin vaxt olduqları Mərdəkan qəsəbəsindən
gəliblər. Onlar «Sea Breeze”yə gecə 4-ün yarısı gəliblər. Onlar da gəlib
təzədən düşüblər davaya. Onlar gələnə qədər də Elnur Məmmədov və
digəriləri minik maşınından söyüş söyən şəxsləri döyüblər. Yəni o
adamlar işdə ümumiyyətlə yoxdur. O adamların da kimliklərini müəyyən
edib ittihama salaq. Burada zərərçəkən deyir ki, mən vurdum yıxıldı,
prokuror isə reaksiya vermir. Burada qərəzli mövqedən çıxış etməyək,
insan taleyi həll olunur, bu hadisə hər birimizin başına gələ bilər.
Məsələyə ədalətlə yanaşaq, kim orada olubsa, kameraya düşüb, saatı var.
Əgər varsa, qoyulsun ortaya. Vəkil Vüsal Orucov da bildirdi ki, ittihama
görə Məhəmməd Orucov hadisə baş verən gün 23 radələrində «Sea Breeze”də
restoranda olub, araq içib. İttiham bu qədər əmin idisə ki, Məhəmməd
orada olub, oradakı videoları işə əlavə etməli idi. Sübut etməlidi
idilər ki, Məhəmməd əlində araq rumkası araq içir və ya Elmirin
mühafizəçisi olaraq yanında harasa gedir. Əgər ittiham tərəfi iddia
edirsə ki, mübahisə bizim təşəbbüsümüzlə başlayıb, həmin videonu işə
əlavə edib bizə göstərməli idilər. Bunun əvəzinə bizə dəxli olmayan
videoları işə əlavə ediblər, orada kimsə dava edir. Videogörüntünün
tədqiq olunmasının məqsədi var. Biz bu videogörüntülərə baxıb nə müəyyən
etdik? Bilirlər ki, bu gün təqsirləndirilən kimi təqdim olunan şəxslər
dava zamanı videolarda yoxdur, təqdim etsələr belə nəyi sübut edəcəklər?
Sadəcə bizim vaxtımızı boşuna alırlar.
Amin Şəkərəliyev vəsatət qaldıraraq şahid Vüqar Tağıyevin prosesə
dəvət olunmasını, onun iştirakı ilə videoya baxış keçirilməsini istəyib.
«Elmir İsmayılov demir ki, mən orda olmamışam, deyir olmuşam, mən
kiməsə xəsarət yetirməmişəm, əksinə mənə xəsarət yetirilib, mənim
maşınım əzilib. O biri mübahisədə isə deyir ki, mən orada olmamışam, mən
artıq orada yox idim. İlk mübahisə olduğunu, başına xəsarət
yetirildiyini, maşınının əzildiyini Elmir İsmayılov deyir. Özünü də
qismn təqsirli bilir”.
Vəkil Ülvi Məmmədov dedi ki, istintaq davalar məsələsində səhv edib:
«Orada üç dava olub. Birinci davada Elmir İsmayılovu döyüb maşınını
əziblər. Bir neçə saat sonra daha bir mübahisə olub. Elgün döyülüb,
Peyman, Məhəmməd vurulub. 3-cü epizodun isə ümumiyyətlə cinayət işinə
aidiyyatı yoxdur, bunu da Cavad Muradov izah etdi, dedi ki, biz
gedirdik, tanımadığımız şəxslər maşından söydü, mübahisə oldu. 1-ci və
2-ci epizodu, belə deyək, saat 11 – 30 arası baş verən epizod üzrə
Elmirə qrup halında xuliqanlıq ittihamı vermək düzgün deyil. Orada Elmir
olub, Elnur olub. Elmirə nə əsasla qrup halında xuliqanlıq ittihamı
verilib? Belə çıxır ki, bu mübahisədən 3-5 saat sonra başqa şəxslər
mübahisə edib dalaşıblarsa, buna görə Elmirə qrup halında xuliqanlıq
ittihamı verilməlidir? Belə ittiham vermək olmaz”.Vəkil təqsirləndirilən
Murad Əhmədli ilə bağlı vəsatət verəcəyini, bundan əvvəl isə ona söz
verilməsini xahiş etdi.
Hakim tədqiq olunan videolarla bağlı tərəflərin fikirlərini soruşdu.
Peyman Vəlizadə bildirdi ki, o, Məhəmməd Həsənzadə, Elgün İsmayılov və
Murad Əhmədli ilə birgə «Sea Breeze”yə gecə 4-ə 10 dəqiqə qalmış
gəliblər. Elnur Məmmədov orada söyüş söyüb, mən də orada Elmiri aparmağa
gəlmişdim. Bizim əvvəlcədən niyyətimiz orada davada iştirak niyyətimiz
olmayıb. Nə də ki, əvvəldən Elmirin masasında olmamışıq. Yazırlar ki,
Peyman orada olub, araq içib. Olmamışam axı. Ora gəlməmişəm. Mən ora
gələndə dava oldu, vurdular.
Elmir İsmayılov da bildirdi ki, tədqiq olunan heç bir videoda o, yoxdur.
Murad Əhmədlinin videolara münaisbət bildirərkən dedi ki, məktəblidir,
heç bir videoda yoxdur, heç bri davada da olmayıb: «İttihamda
yazılanların hamısı yalandır. Məni orada 2 gün saxladılar. Atam da buna
görə insult keçirdi. Boş-boşuna məhkəməyə gəlib-gedirəm, imtahanlara
hazırlaşa bilmirəm”.
Murad Əhmədlinin vəkili Ülvi Məmmədov vəsatət qaldıraraq hadisə baş
verən gün və saatlarda müvəkkilinin harada olması ilə bağlı
telefon-anten məlumatlarının alınması üçün mobil operatorlara sorğu
verilməsini istədi. Peyman Vəlizadənin vəkili də eyni vəsatətlə çıxış
etdi. Hakim hər iki vəsatəti təmin elədi. Proses 26 dekabrda saat
14-30-da davam etdiriləcək.
Deryaz.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay