“Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır?” – Qalmaqal
"Təhsil naziri Emin Əmrullayevin 500-dən çox müəllimin 2 min manat
maaş alması ilə bağlı söylədiyi fikirlər doğrudur. Lakin hazırda ölkənin
4.432 orta ümumtəhsil məktəbində 150 min müəllim var. 150 min
müəllimdən 500 nəfərin 2 min manat, 1,500 nəfərdən çoxunun isə
1,500-2,000 manat əməkhaqqı alması çox aşağı bir göstəricidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O, 2 min manat maaş alan müəllimlərin hansı kriteriyalar daxilində bu pulu qazandıqlarından söz açıb.
K.Əsədov xatırladıb ki, Azərbaycan dövləti tərəfindən müəllimlərin əməkhaqqı mütəmadi artırılır:
"Bu gün 18 saat dərs deyən müəllimin əməkhaqqı əvvəl 495 manat edirdisə,
hazırda 600 manata yaxındır. Bunlar o müəllimlərdir ki, onların 36 saat
dərsi var, 18 ildən artıq dərs deyirlər və onlar sertifikasiyadan
keçmiş ibtidai sinif müəllimləridir. Amma bu gün ölkə müəllimlərinin 140
minə qədərinin əməkhaqqı kifayət qədər aşağıdır”.
Mütəxəssis söyləyib ki, Azərbaycan müəlliminin aldığı əməkhaqqı onu idarə edənlərdən azdır:
"Məsələn, biz bunu Elm və Təhsil Nazirliyinin işçilərinin əməkhaqqıları
ilə müqayisə etsək, fərqi görərik. Yaxud bu gün 2,500 manat əməkhaqqı
alan məktəb direktorları var. Çünki şagird sayı 2,500-dən çox olanda
onlara əlavə əməkhaqqı verilir. Bu gün müəllimlərin əməkhaqqı gördükləri
işin müqabilində kifayət qədər azdır. Biz 500 müəllimdən danışırıq, bəs
digərlərinin məvacibi nə qədərdir?”
Müsahibimiz iddia edib ki, hazırda 600-dən çox müəllimin əməkhaqqı 100 manatdan aşağıdır:
"Yəni nazirin söylədiklərinin tam əksini də iddia etmək olar. Bu gün 100
manat və ondan daha aşağı maaş alan müəllimlər var. Nazir niyə 100
manat maaş alan müəllimlərdən danışmır? Azərbaycan müəllimi hazırda ən
yaxşı imtiyazlara və təminatlara malik olmalıdır. Çünki Azərbaycanın
təhsil sistemi müəllimlərin çiyinləri üstündədir, nəinki təhsili idarə
edənlər. Heç bir ölkənin təhsil səviyyəsi müəllimin səviyyəsindən artıq
deyil. Təhsili idarə edənlər peşəkar ola, xaricdə nüfuzlu ali məktəblər
qurtara bilərlər, amma təhsilin göstərici onlardan yox, müəllimdən
asılıdır”.
Ekspert onu da vurğulayıb ki, müəllimlərin əməkhaqları onların stajlarına və dərs saatlarına uyğundur:
"Lakin gələcəkdə onların sertifikasiyadan topladığı ballar həm onlara
dərs saatlarının verilməsinə, həmçinin də əməkhaqlarının artımına təsir
göstərəcək. Məsələn, bu gün 2 min manat əməkhaqqı alan müəllim
sertifikasiyadan keçib, 51 baldan çox bal toplayıbsa, nəticədə də
əməkhaqqına 35% əlavə olunub. Yaxud həmin şəxsin 18-36 saat dərsi var,
18 ildən çox stajı var və o, 51 baldan çox bal toplayıb ki, onun da
əməkhaqqı ona görə çoxdur. Ola bilsin ki, həmin müəllim 5 ildən sonra
nəticələri zəif olsa, həmin əməkhaqqını belə ala bilməyəcək”.