Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır
Azərbaycanın qətiyyətli diplomatik siyasəti nəticəsində sülhməramlı
qüvvələr də Qarabağdan çıxarıldı, Qazaxın anklav olmayan 4 kəndi də bir
güllə atılmadan qaytarıldı, kəsəsi, bütün məsələlər heyrətamiz şəkildə
həllini tapdı. Di gəl, bizim məmurlar düzəlmədi ki, düzəlmədi. Az qala
İrəvanı da götürəcəyik, amma çirkaba bulaşmış məmurların dövlətçilik
məsuliyyəti bir qram da artmayacaq. Çünki onların gönü qalındır, göbəyi
rüşvətlə kəsilib, pul, tamah gözlərini tutub. Ona görə də dövlətimizin
uğurları hamımızı sevindirsə də, məmurların eybəcər hərəkətləri ürək
bulandırır. Faktiki, onlar prezidentin siyasi uğurlarına, suverenliyin
bərpasına nail olunmasına kölgə salır.
Bunu da əhalinin gözündən salmaqla, öz korrupsioner hərəkətlərini
genişləndirməklə həyata keçirirlər. Xalq bir tərəfdən dövlət başçısının
erudisiyalı xarici siyasətinə heyran qalır, zəfərlərə sevinir, bir
yandan isə zəhlətökən, tamahkar, dövlətin nüfuzuna zərər vuran
məmurların özbaşına əməllərinə şahid olub hirslənir, qəzəblənir,
narazıya çevrilir.
Belə desək, məmurlar prezidentin əməyini yerə vurmağa, sabotaj etməyə çalışırlar. Bu da xəyanətə bərabər deməkdir. Bu köstəbək, riyakar, rüşvətxor məmurlar islah olmursa, o zaman onları artıq ət kimi amputasiya edib atmaq lazımdır. Elə götürək Abşeron rayon icra başçısı Abdin Fərzəliyevi. Əvvəllər Nərimanov rayonuna rəhbərlik etmiş Fərzəliyev, paytaxtın bu mərkəzi yerini yaman günə saldı, milyonlar mənimsəyib puluna pul qatdı, varlandı, biznesino inkişaf etdirdi, sonra Abşeronda "qaz vurub qazan doldurmağa” başladı.
Rubrika. Az olaraq Fərzəliyevin çox uzaq deyil, son aylardakı qanunsuz əməlləri haqda araşdırma aparmışıq. Məlum olub ki, icra başçısı Abşerona "əl gəzdirmək” yerinə xələfi İradə Gülməmmədovaya şükür etdirir. Xanım məmurun dövründə Abşeron viran qoyuldu, qanunsuz tikintilərə rəvac verildi, rüşvətlə ev inşasına imkan yaratdı, axırda prokurorluq əməliyyat keçirib onun bacısı oğlu başda olmaqla, baş memarı və digər vəzifəli şəxsləri həbs etdi. Ondan sonra ümid olunurdu ki, Fərzəliyev Abdin eyni səhvləri təkrarlamaz.
Amma sən saydığını say, gör Fərzəliyev nə sayır… İcra başçısı gəldiyi
gündən özündən qabaq Abşeron İH-də antikorrupsiya həbsləri
keçirilməsinə baxmadan qanunsuz tikililərə, rüşvətlə ev tikintisinə
icazə verməyə başladı, səkiləri, küçələri peşkəş elədi, Xırdalan,
Masazır ərazilərini yöndəmsiz, səliqəsiz kökə saldı, abadlıq işləri
aparılmadı. Bütün bunları isə indi faktlara keçid etməklə diqqətinizə
çatdırmağı lazım bilirik. Gəlin görək, Fərzəliyev hansı əməllərin
sahibidir…
Birincisi, Abşeron rayonu, Hökməli qəsəbəsində acınacaqlı vəziyyət hökm
sürməkdədir. Sakinlər bildiriblər ki, ən bərbad vəziyyət olan qəsəbə
Hökməlidir. Sakinlərin sözlərinə görə, qəsəbədə piyadaların hərəkəti
üçün boş səki qalmayıb. Səkilər ya qanunsuz olaraq satılıb, ya da
avtomobil saxlamaq üçün istifadə edirlir. Qəsəbənin Koroğlu küçəsindən
isə danışmağa dəyməz. Sakinlər bildiriblər ki, nə avtomobillər hərəkət
edə bilir, nə sakinlər. Problem aidiyyəti qurumları narahat etmədiyi
üçün obyekt sahibləri səkiləri zəbt etməkdə davam edirlər. Hətta səkini
tamam zəbt edib obyektini genişləndirənlər də var.
Başqa bir sübut: bu ilin martında rüşvət müqabilində tikintiyə icazə
verməkdə təqsirləndirilən vəzifəli şəxs həbs edilib. Bildirilib ki,
Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər
halda, bu məmur icra başçısından xəbərsiz qanunsuz tikintilərə rəvac
verə bilməzdi.
Bu ilin fevralında isə Abşeron Regional Elektrik Şəbəkəsi” MMC qanunsuz tikiliyə görə Abşeron Rayon İcra Hakimiyyətini və Abşeron Rayon Masazır Bələdiyyəsini məhkəməyə verib. Bundan əlavə, icra başçısı qazilərə belə biganəlik edir. Abşeron rayon sakini, Vətən müharibəsi qazisi İlqar Cahangirov Abşeron Rayon İcra Hakimiyyəti vəzifəlilərinin onu qəbul etmədiklərini bildirir.
Habelə, 104 min nəfər əhalisi olan Xırdalanın əsas prospektində bir dənə də işıq dirəyi yoxdur. Xırdalan sakinləri bildirib ki, prospekt mağazaların, avtomobillərin işıqlarının hesabına aydınlanır. Gecə yarısı bütün mağazalar bağlandığı üçün prospekt də zülmətə bürünür. Sakinlər bildiriblər ki, nəinki işıq, küçədə, yol kənarında heç işıq dirəyi də yoxdur. Bu problemdən ən çox əziyyəti isə sürücülər çəkir. Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırki icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir.
Yəni gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Bütün bunların dəyişməsi üçün islahatlar olmalıdır, vəssalam!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay