Şəhidin həyat yoldaşına qarşı 120 minlik dələduzluq edən sayt rəhbəri ilə bağlı QƏRAR
Bakı
Apellyasiya Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə
təqsirləndirilən Fərid Abdinovun barəsindəki hökmdən verilən apellyasiya
şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Abdinov yeddi il müddətinə azadlıqdan məhrum edilib.
İttihama
görə, Fərid Abdinov etibardan sui-istifadə etmə və aldatma yolu ilə
özgənin əmlakını təkrarən ələ keçirib, zərərçəkmiş şəxslərə qanunla
müəyyən olunan müxtəlif miqdarlarda, o cümlədən külli miqdarda ziyan
vurmaqla dələduzluq edib.
Belə ki, ittiham aktına əsasən,
təqsirləndirilən şəxs zərərçəkmiş Vahid Əkbərovun (ad, soyadı şərti)
qızının işlədiyi Lerik rayonu, Güldəsər kənd orta məktəbindən
çıxarılaraq köçürmə yolu ilə Bakı şəhərində yerləşən tam orta
məktəblərin birinə müəllim vəzifəsinə təyin etdirmək üçün ondan 3 000
manat pul alıb.
Bundan başqa, Fərid Abdinov zərərçəkmiş Qasım
Qasımova (ad, soyadı şərti) Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)
tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial
mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq,
"Boranı” restoranında onun 18 000 manat pulunu dələduzluq yolu ilə ələ
keçirib.
Həmçinin o, zərərçəkmiş qismində tanınan, Vətən
müharibəsi şəhidinin həyat yoldaşı Akifə Fərhadovadan (ad, soyadı şərti)
tekstil mallarının alqı-satqısı ilə bağlı 103 000 manat, B.Nəbizadədən
onun arvadı G.Əkbərovanı "Palmali” şirkətində yüksək əməkhaqqısı olan
vəzifəyə təyin etdirmək üçün 3 000 manat, digər zərərçəkmişdən Bakı
şəhəri ərazisində yeni mənzil almaq 39 200 manat pulu dələduzluq yolu
ilə mənimsəyib.
Fərid Abdinov məhkəmə baxışı zamanı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O,
ifadəsində bildirib ki, "Azerses.az” firmasının təsisçisi və sahibi
olub, özü jurnalistika fəaliyyəti ilə məşğul olub. Həmçinin deyib ki,
fiziki şəxs kimi vergi ödəyicisi olub və xüsusi möhürü var: "Lakin
kirayə yaşadığım sonuncu mənzildən köçərkən möhürüm itib”.
Fərid Abdinov şəhidin həyat yoldaşından pul aldığını təsdiqləyib. O, həmin pulu borc aldığını söyləyib.
Məhkəmədə
iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Akifə Fərhadova bildirib
ki, həyat yoldaşı 2020-ci oktyabr ayının 12-də şəhid olub. Əri şəhid
olmazdan əvvəl işləyib ailəsi üçün yığdığı pullar, şəhid olduqdan sonra
dövlət tərəfindən verilən vəsait və digər ianələr evdə olub. Fərid
Abdinov özünü qadına şəhid ailələrinə kömək edən şəxs, hüquqşünas və
jurnalist kimi təqdim edib. O, təqsirləndirilən şəxsə inanaraq şəhidin
yadigarı olan üç azyaşlı uşağının gələcəyinə yatırım etmək üçün
aldanaraq həmin pulları Fəridə verib.
Belə ki, Akifə Fərhadova
təqsirləndirilən şəxsi təxminən 2021-ci ilin aprel ayında tanıyıb. İlk
dəfə hüquqşünas kimi tanıdığı və şəhid ailələrinə hüquqi yardım
göstərəcəyi ümidi ilə müraciət etdiyi təqsirləndirilən şəxs onunla tanış
olduqdan sonra özünü həm də uğurlu iş adamı kimi təqdim edib. Biznes
şərikləri olduğunu, Ukrayna və Türkiyədə tekstil şirkətlərində iş
quracağını bildirib. Qadın da Fəridə inanıb ona ümumilikdə 103 000 manat
pul verib.
Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərib ki,
təqsirləndirilən şəxs, əslində, onun 103 000 manat pulunu deyil,
ümumilikdə 120 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib, həmin
puldan əldə olunan mənfəətlə birlikdə 160 000 manat pul qaytaracağını
vəd edib. Lakin o, qadına cəmi 8 500 manat pul qaytarıb. Ona görə də
Akifə Fərhadova Fəridə qarşı 120 000 manat pul tələbinə dair mülki iddia
qaldıracağını söyləyib.