"Wizz Air" Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportundan Avropaya səyahət imkanları daha bir istiqamətlə genişlənib.

Kanal1.Az xəbər verir ki, bu barədə aeroport məlumat yayıb.

Oktyabrın 28-də Avropanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Wizz Air" Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirib.

Yeni marşrut aşağıbüdcəli səyahət modelinə üstünlük verən sərnişinlər üçün Mərkəzi Avropaya yeni alternativ təqdim edir və Bratislavanı Bakıdan birbaşa uçuşla əlçatan olan Avropa paytaxtları sırasına əlavə edir.

Dunay sahilində yerləşən Bratislava kompakt tarixi mərkəzi, Bratislava qalası, qastronomiyası və rahat şəhər atmosferi ilə qısa Avropa səfərləri üçün cəlbedici istiqamətdir. Hava limanının şəhər mərkəzindən cəmi 9 km məsafədə yerləşməsi səfəri daha rahat edir.

Bratislavanın Mərkəzi Avropadakı coğrafi mövqeyi marşruta əlavə üstünlük qazandırır. Slovakiyanın paytaxtı Vyanadan təxminən 65 km məsafədə yerləşir və regionun digər şəhərlərinə səyahət planlaşdırmaq üçün də əlverişli başlanğıc nöqtəsidir.

Bakı-Bratislava marşrutu üzrə uçuşlar qış mövsümündə həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakıdan Bratislavaya birbaşa uçuşun müddəti təxminən 4 saat 30 dəqiqədir.

Yeni istiqamət Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlər üçün birbaşa uçuş imkanlarını genişləndirmək, fərqli səyahət və tarif seçimləri təqdim etmək, eləcə də Bakının Avropa şəhərləri ilə hava bağlantılarını gücləndirmək istiqamətində həyata keçirdiyi işlərin davamıdır.

Uçuş cədvəli, aviabiletlər, baqaj qaydaları və digər xidmətlər barədə ətraflı məlumatı "Wizz Air" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.