Ankarada aparılan istintaq çərçivəsində "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalana qarşı İstanbulda xüsusi əməliyyat keçirilib.
Kanal1.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunur ki, "Vanlı Kara Haydar"ın iki avtomobilinə baxış zamanı avro və dollar əsginasları da daxil olmaqla, ümumilikdə təxminən 934 milyon lirə dəyərində (təxminən 19 milyon 81 min dollar - red.) xarici valyuta tapılıb.
Əməliyyat çərçivəsində cinayət məqsədilə istifadə edildiyi qeyd olunan iki avtomobilə həbs qoyulub. İstintaq tədbirlərinin gedişatında bir nəfər şübhəli şəxs qismində saxlanılıb və onun barəsində hüquqi prosedurlara başlanılıb.
Təhqiqat çərçivəsində, müsadirə edilən milyonlarla nağd pulun mənşəyinin, hansı maliyyə əməliyyatlarından əldə olunması və çirkli pulların yuyulması prosesi ilə əlaqəsinin dərindən araşdırılması planlaşdırılır.
Qeyd edək ki, Türkiyədə toyunda gəlinə kiloqramlarla qızıllar hədiyyə etməsi ilə gündəmə gələn "Vanlı Kara Haydar" və həyat yoldaşı bir müddət sonra həbs olunublar.