Sentyabrın 30-da "FlyDubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan reysində İsrail rəsmilərinin 2001-ci il 11 sentyabr terror hücumları ilə müqayisə etdiyi ciddi insident baş verib. Uçuşdan bir saat yarım sonra ikinci pilot birbaşa kabinədə hava gəmisinin komandirinə bıçaqla hücum edib. Təyyarə əvvəlcə ümumi həyəcan bildirən 7700 kodunu, daha sonra isə beynəlxalq qaçırma siqnalı olan 7500 kodunu yayımlayıb. Bununla eyni vaxtda hava gəmisi kursdan kəskin şəkildə çıxaraq sürətlə aşağı enməyə başlayıb və bir dəqiqədən az müddətdə hündürlüyünün yarısını itirib.
Kanal1.Az xəbər verir ki, İsrailin "Walla" portalı sarsıdıcı iddia ilə çıxış edib: yaralı pilotlardan birinin aldığı bıçaq zərbələrindən dünyasını dəyişməsi ehtimalı var. Bu xəbər hələlik aviaşirkət və ya Səudiyyə Ərəbistanı orqanları tərəfindən rəsmən təsdiqlənməsə də, sosial şəbəkələrdə yayılan görüntülər zərərçəkənlərin vəziyyətinin çox ağır olduğunu göstərir.
İsrail mətbuatının son məlumatlarına əsasən, hücum edən şəxs Oman vətəndaşı olan ikinci pilotdur. O, BƏƏ vətəndaşı olan təyyarə kapitanına "Allahu Əkbər!" qışqıraraq hücum çəkib.
Şahidlərin sözlərinə görə, kabinədən gələn səsləri eşidən sərnişinlər oraya daxil olub və zərərçəkənin xeyli miqdarda qan itirdiyini görüblər. İnternetdə yayılan videolarda qana bulanmış heyət üzvünün salonun döşəməsində, sərnişinlərin əhatəsində uzandığı əks olunub. Ona ilkin tibbi yardım göstərilir. Yaxınlıqda isə daha bir yaralı xilas edilir. Üzündə qan izləri olan sərnişinlərdən biri kameraya "hücum edənləri zərərsizləşdirə bildik, enişə hazırlaşırıq" deyə bildirib. O əlavə edib:
"Bura bizim üçün tanış yer deyil, hara enəcəyimizi bilmirik. Təyyarədə olan hər kəs sağ və salamatdır, yalnız pilota kömək lazımdır".
Hava gəmisi Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Təbuk şəhərinə təcili eniş etmək üçün istiqamət alıb. Məhz İsraildən olan sərnişinlər təcavüzkara müdaxilə edərək onu təsirsiz hala gətirə biliblər. Yaralanan kapitana isə təyyarədə olan həkim və tibb bacısı yardım edib, bu təsadüf, bəlkə də, onun həyatını xilas edib.
"FlyDubai" aviaşirkəti heyət üzvlərinin şəxsiyyətini və vətəndaşlığını rəsmi olaraq açıqlamır. Lakin məlumata görə, hücumu həyata keçirən pilot şirkətdə bir ildən də az müddətdir ki, işə başlayıb. İstintaq hadisə ilə bağlı iki əsas versiyanı nəzərdən keçirir: terror aktı və pilotun kəskin psixi pozğunluğu.
Təbuk aeroportundan yayılan şəkillərdə uçuşu icra edən "FlyDubai" aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsinin ciddi şəkildə zərər gördüyü əks olunub.
