SSRİ-nin

SSRİ-nin "Kosmos-482" kosmik aparatı orbitdən çıxıb və Hind okeanına düşüb

Yerətrafı orbitdə 50 ildən çox vaxt keçirən "Kosmos-482" kosmik aparatı öz səyahətini başa vurub, orbitdən çıxaraq Hind okeanına düşüb.

Kanal1.Az-ın xəbərinə görə, bu barədə "Roskosmos"un "Telegram" kanalı məlumat verib.

Məlumata görə, 1972-ci ildə SSRİ-nin fəzaya buraxdığı "Kosmos-482" kosmik aparatı bununla da mövcudluğuna son qoyub.

Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun mütəxəssislərinin məlumatına görə, aparat Moskva vaxtı ilə saat 9:24-də (Bakı vaxtı ilə 10:24-də) Orta Andaman adasından 560 kilometr qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb.

Veneranın araşdırılması üçün nəzərdə tutulan "Kosmos-482"nin enişi Yerətrafı kosmik fəzada təhlükəli vəziyyətlər barədə avtomatlaşdırılmış xəbərdarlıq sistemi tərəfindən idarə olunurdu.

1972-ci ildə uğursuz buraxılışdan sonra "Kosmos 482" Yerin yüksək elliptik orbitində olub. Onilliklər ərzində onun trayektoriyası tədricən azalıb və bu da orbitdən nəzarətsiz şəkildə çıxmasına gətirib çıxarıb.