Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini müdafiə edərək bu Avropa təsisatının fəaliyyətini kəskin şəkildə qınayıb.
Kanal1.Az xəbər verir ki, o, bu barədə mayın 9-da Rusiyadan geri qayıdarkən hökumət təyyarəsindən paylaşdığı videoda bildirib
Çıxışı zamanı o, Azərbaycan məsələsinə və İlham Əliyevin Avropa Parlamenti barədə səsləndirdiyi fikirlərə də toxunub.
"Yeri gəlmişkən, İrəvanda mən suveren xarici siyasət nümunəsinin şahidi oldum - bu dəfə ölkəsinə qarşı qəbul edilən müxtəlif bəyannamələrə və qətnamələrə görə Avropa Parlamentini sərt şəkildə tənqid edən Azərbaycanın və onun Prezidentinin timsalında", - deyə Slovakiya hökumətinin başçısı bildirib.
Fitsonun sözlərinə görə, Azərbaycan Prezidenti "həqiqəti dilə gətirib".
"Prezident Əliyev tam həqiqəti deyərək bildirdi ki, Avropa Parlamenti başqalarının işinə qarışmaq və yalanlar yaymaq əvəzinə ilk növbədə Avropanın öz problemləri ilə məşğul olmalıdır - hansı ki, bizdə bu problemlər kifayət qədər çoxdur", - deyə o qeyd edib.