"Real" 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu

Dünən UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.

Dovlet.Tv xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


ÇL-in ən titullu klubu olan "Real" ümumilikdə 15 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022) bu kuboku başı üzərinə qaldırıb. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olmuşdu.

Həmçinin "Real"ın baş məşqçisi Karlo Anççelotti karyerası ərzində 5-ci dəfə ÇL-i qazanıb ("Milan"la 2002/03 və 2006/07 mövsümlərində, "Real"la (2013/2014 və 2021/22 mövsümlərində). 

Bugünkü final matçı Toni Kroosun "Real"dakı son oyunu olub. O, Almaniya yığması ilə Avro-2024-də iştirak etdikdən sonra karyerasını başa vuracaq.

Eyni zamanda "Borussiya"nın futbolçusu Marko Roys da komandada son oyununu keçirib.

Qeyd edək ki, "Real" UEFA Superkubokunun finalında Avroliqanın qalibi "Atalanta" ilə qarşılaşacaq.


1 iyun

UEFA Çempionlar Liqası

Final

23:00 "Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya) - 0:2

Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83, (0:2)

Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. "Uembli" stadionu