Polşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu

Polşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu

Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.

Kanal1.Az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyatla mütəşəkkil cinayətkar qrup ifşa olunub. Qeyd olunub ki, saxta pulların bir qisminin Ukrayna bazarlarında reallaşdırılması nəzərdə tutulubmuş.

Agentliyin əməkdaşları dörd şübhəli şəxsi saxlayıblar. Axtarışlar zamanı əskinasların istehsalı üçün peşəkar şəkildə təchiz edilmiş avadanlıqların olduğu məkanlar aşkar edilib.

Hadisə yerindən təxminən üç ton xüsusi kağız, mühafizə nişanlarının detalları və saxta pulların keyfiyyətini (o cümlədən bankomatlarda) yoxlamaq məqsədilə istifadə edilən sınaq əskinasları götürülüb.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif valyutalarda nağd pullar, kolleksiya sikkələri, silah və döyüş sursatları müsadirə ediblər. Məlumata görə iş üzrə təqsirləndirilən şəxsləri 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.