İsrail Yer səthindən yuxarı platformadan zərbə endirmək üçün kosmik lazerlər hazırlayır.
Kanal1.Az-ın "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, dövlət hazırda bu strateji məqsədə çatmaq üçün "ən yaxşı beyinləri" cəlb edir və bu sahədə aparıcı dövlət olmağı planlaşdırır.
"Əgər biz buna nail olsaq, zəngin ehtiyatları olan düşmənlərimizlə müqayisədə ölkəmiz həm çəkindirici, həm də hücum və məhvetmə potensialı daxil olmaqla bütün aspektlərdə mütləq üstünlük qazanacaq", - deyə İsrael Kats əlavə edib. Xatırladaq ki, nazir iyunun 25-də də İsrailin kosmik zərbə potensialı baxımından əsas qlobal güclərdən biri olmaq niyyətini açıqlamışdı.
Qeyd edək ki, İsrail artıq "Iron Beam" ("Dəmir şüa") adlı yerüstü lazer sistemi yaradaraq bu istiqamətdə qabaqcıl mövqeyə sahibdir. Ötən ilin son aylarından etibarən həmin sistem İsrail Müdafiə Ordusunun arsenalına daxil edilib. PUA-ları, raket və minaatan mərmilərini məhv etmək qabiliyyətinə malik olan bu qurğu dünyada tətbiq edilən ilk aktiv lazer müdafiə kompleksidir.
Nəşrin məlumatına görə, hazırda İsrail mütəxəssisləri hərbi təyyarələrdə quraşdırılması mümkün olan yeni lazer silahları da dizayn edirlər.