Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.
Kanal1.Az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində onlar barəsində istintaq orqanı tərəfindən daxil olan təqdimatlara baxılıb.
Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin beş ay müddətinə uzadılması barədə qərar qəbul edib. Ə.Kərimli ilə birgə həbs olunan AXCP Rəyasət Heyətinin üzvü M.İbrahimin də həbs müddəti beş ay uzadılıb.
Bundan başqa, bu gün, həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyevin barəsində başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsi R.Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini beş ay uzadıb.
Eyni zamanda, məhkəmə tərəfindən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı E.Əmirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin beş ay uzadılması barədə qərar verilib.