Bakıda yeni tribuna quraşdırıldı

Bakıda yeni tribuna quraşdırıldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb.

Kanal1.Az xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir.

Yeni tribuna 678 tamaşaçı tutumuna malikdir. Onun unikal yerləşməsi azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə BŞH-də tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Yerli və xarici azarkeşlərin Azərbaycan Qran-prisinə ildən-ilə artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6 mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox iştirakçı qeydə alınıb.

Hazırda BŞH-də 2026-cı il Azərbaycan Qran-prisi ilə əlaqədar tribunaların quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, builki Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.