Mədəniyyət - Kanal1.az https://kanal1.az/ tr Mədəniyyət - Kanal1.az DataLife Engine Milli teatrımızın yaranmasından 151 il ötür https://kanal1.az/2024/03/10/milli-teatrmzn-yaranmasndan-151-il-tr.html https://kanal1.az/2024/03/10/milli-teatrmzn-yaranmasndan-151-il-tr.html Milli teatrımızın yaranmasından 151 il ötür

10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 151-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Publika.az xatırladır ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.

Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə "Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.

Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.

Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.

Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən "ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.]]>
kanal Sun, 10 Mar 2024 12:00:33 +0400
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür https://kanal1.az/2024/01/25/bu-gn-hac-zeynalabdin-tayevin-doum-gndr.html https://kanal1.az/2024/01/25/bu-gn-hac-zeynalabdin-tayevin-doum-gndr.html Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür


Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Oxu.Az xatırladır ki, ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda anadan olub. Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilib.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilib.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı, o sonradan "Hacı Zeynalabdin” şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı buraxaraq neft işinə başlayıb.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı "H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıq quraşdırıb.

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişib. İnsanların mülkiyyəti əlindən alınıb, milli kadrlar və ziyalılar təqib edilməyə başlanıb. Hər şey Rusiyanın maraqlarına yönəlib. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

2023-cü il yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.]]>
kanal Thu, 25 Jan 2024 15:08:11 +0400
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür https://kanal1.az/2023/09/18/bu-gn-azrbaycanda-milli-musiqi-gndr.html https://kanal1.az/2023/09/18/bu-gn-azrbaycanda-milli-musiqi-gndr.html Bu gün Azərbaycanda Milli Musiqi Günüdür


Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.

Publika.az xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.

Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

Bu gündən sentyabrın 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən "Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.

ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun” operası ilə başlanıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu” operasıdır. "Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası Moskva tamaşaçılarını da məftun edib. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin "Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.]]>
kanal Mon, 18 Sep 2023 09:46:57 +0400
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür https://kanal1.az/2023/08/26/bu-gn-beynlxalq-azrbaycan-muam-gndr.html https://kanal1.az/2023/08/26/bu-gn-beynlxalq-azrbaycan-muam-gndr.html Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür


Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.

Oxu.Az xatırladır ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiqləyir.

Azərbaycan muğamının müasir tarixində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Azərbaycanda "Muğam aləmi” beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri” albomunun buraxılması, "Muğam” jurnalının, "Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və səkkiz diskdən ibarət "Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Azərbaycan xalqının qədim irsi olan muğam geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olub. 1971-ci ildə UNESCO 50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına "Şərqin musiqi antologiyası” seriyasında çıxan "Azərbaycan musiqisi” qrammofon valını da daxil edib. 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri” seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker” filmində, hətta kosmosda səslənib. ABŞ Milli Kosmik Agentliyi (NASA) tərəfindən Azərbaycanın muğam musiqi nümunəsi 1977-ci ildə peyklə hətta kosmosa göndərilib.

Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edə bilib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli "Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov "Şur” və "Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltaraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.

Bütün bunların nəticəsidir ki, 26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunmaqdadır.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı beynəlxalq musiqi festivalları təşkil edilir. Hər belə hadisə, hər belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünya musiqiçilərinin diqqətini cəlb edən ən maraqlı məqamlardan biri də Azərbaycanda keçirilən müxtəlif təyinatlı bütün beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə, bizim muğamımız bu gün bütün dünyanı fəth etmək, dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtidarındadır.
]]>
kanal Sat, 26 Aug 2023 11:45:45 +0400
Dahi bəstəkar və müğənni Müslüm Maqomayevin doğum günüdür https://kanal1.az/2023/08/17/dahi-bstkar-v-mnni-mslm-maqomayevin-doum-gndr.html https://kanal1.az/2023/08/17/dahi-bstkar-v-mnni-mslm-maqomayevin-doum-gndr.html Dahi bəstəkar və müğənni Müslüm Maqomayevin doğum günüdür



Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri” operasından Fiqaronun, "Toska” operasından Skarpianın partiyalarını ifa edib.

1966-cı ildə Parisin "Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok” jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala” teatrına təcrübə toplamağa göndərildi.

O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.]]>
kanal Thu, 17 Aug 2023 11:10:27 +0400
Bəxtiyar Vahabzadənin doğum günüdür https://kanal1.az/2023/08/16/bxtiyar-vahabzadnin-doum-gndr.html https://kanal1.az/2023/08/16/bxtiyar-vahabzadnin-doum-gndr.html Bəxtiyar Vahabzadənin doğum günüdür


Bu gün mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs”, "Vicdan”, "Yağışdan sonra”, "Yollara iz düşür”, "Fəryad”, "Hara gedir bu dünya”, "Özümüzü kəsən qılınc”, "Cəzasız günah”, "Dar ağacı” və "Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

B.Vahabzadə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. O, 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət” və "Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

B.Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız iki ildən sonra işə bərpa edilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, həmçinin də keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan B.Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

O, 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.]]>
kanal Wed, 16 Aug 2023 12:34:21 +0400
Şuşada hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüşü təşkil olunacaq https://kanal1.az/2023/06/26/uada-hrbi-orkestrin-mayiti-il-hrbilrin-yr-tkil-olunacaq.html https://kanal1.az/2023/06/26/uada-hrbi-orkestrin-mayiti-il-hrbilrin-yr-tkil-olunacaq.html Şuşada hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüşü təşkil olunacaq
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, "dəyirmi masa”lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunacaq və onların ailələri ilə görüşlər keçiriləcək.

Silsilə tədbirlər çərçivəsində Bakı, Bərdə və Şuşa şəhərlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri də təşkil olunacaq.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim ediləcək.
]]>
kanal Mon, 26 Jun 2023 09:30:41 +0400
Beynəlxalq Musiqi Festivalı Şuşada davam edir https://kanal1.az/2023/06/24/beynlxalq-musiqi-festival-uada-davam-edir.html https://kanal1.az/2023/06/24/beynlxalq-musiqi-festival-uada-davam-edir.html Beynəlxalq Musiqi Festivalı Şuşada davam edir



Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı bu gün mədəniyyət paytaxtımız Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

Publika.az xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzi və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub.

Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – Bayatı-Şiraz dəstgahı, Firuz Səxavət – Mahur-Hindi dəstgahı, Cabir Abdullayev – Zabul-Segah dəstgahı, Nuriyyə Hüseynova – "Çahargah” kompozisiyası ifa ediblər.

Növbəti konsert proqramı X.Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış edib.

Festival çərçivəsində həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

Hazırda növbəti konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertin isə ”Qarabağ” otelinin qarşısındakı parkda təşkili nəzərdə tutulub
]]>
kanal Sat, 24 Jun 2023 10:12:23 +0400
Fransalı qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar https://kanal1.az/2023/05/22/fransal-qonaqlar-azrbaycann-mdniyyt-paytaxt-uada-olublar.html https://kanal1.az/2023/05/22/fransal-qonaqlar-azrbaycann-mdniyyt-paytaxt-uada-olublar.html Fransalı qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar

Fransanın Qurji-lö-Şato kommunasının meri Lu Bomiye və bu ölkədə yayımlanan "Danser” jurnalının baş redaktoru Mişel Odən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə mayın 21-də Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqları Paris-Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva müşayiət edib.

Qonaqlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Fransalı qonaqlar, Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Üzeyir Hacıbəylinin heykəli, Şuşa qalasının Gəncə qapısı, Bülbülün ev-muzeyi, həmçinin Yuxarı Gövhər Ağa məscidində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.

Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Onlar Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.]]>
kanal Mon, 22 May 2023 10:23:41 +0400
Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək https://kanal1.az/2023/04/12/bakda-heydr-liyevin-100-illik-yubileyin-hsr-olunmu-konsert-keirilck.html https://kanal1.az/2023/04/12/bakda-heydr-liyevin-100-illik-yubileyin-hsr-olunmu-konsert-keirilck.html Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək.

"Report” xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı "Rus Evi”ndə keçiriləcək.

Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən hazırlanıb.

Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, şair, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, tədbirə giriş pulsuzdur.
]]>
kanal Wed, 12 Apr 2023 10:19:43 +0400