"Aparıcılar göz görə-görə yalan danışır, açıq-aşkar erməniləri müdafiə edirlər" - Hadı Rəcəbli

"Aparıcılar göz görə-görə yalan danışır, açıq-aşkar erməniləri müdafiə edirlər" - Hadı Rəcəbli
Siyasi elmlər doktoru, sabiq deputat Hadi Rəcəbli son günlərin mühüm hadisələri barədə Modern.az-ın suallarını cavablandırıb.

- Hadi müəllim, 1993-cü ildən tüğyan edən münaqişələrin və problemlərin çözülməsində ulu öndər Heydər Əliyevin yanında olmusunuz. İstərdik ki, bu barədə sizinlə söhbət edək. O günlərdən bu günə Qarabağ məsələsi ətrafında nələri müşahidə etmisiniz?

- Bu gün televiziya ekranlarında, xarici mətbuatda, digər beynəlxalq təşkilatlarda görəndə ki, Azərbaycan- Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında ədalətsiz çıxışlar edilir, fikirlər səsləndirilir, buna biganə qala bilmirəm. Guya Xankəndindən, Şuşadan insanların təxliyə olunmasını faciə kimi göstərirlər. Bu zaman yadıma Xocalı soyqırımı, Füzulinun köçürülməsi, Ağdamın istilası, 800 minə yaxın məcburi köçkünün küçələrə tökülməsi düşür. Həmin ərazilərdə 200 minə yaxın adam qırılmışdı. Təəssüf ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu faciələri yaddan çıxarıb. Qarabağın Azərbaycan torpaqları olduğunu unudurlar.

Sizə bir söz deyim. O vaxtlar Azərbaycanda bəlkə də 500 mindən çox erməni yaşayırdı. Bütün bölgələrdə ən yüksək vəzifələri onlar tutmuşdular. Bir çox rayon rəhbərləri erməni idi. Mən Mərkəzi Komitədə işləyəndə təkcə bizim şöbəmizdə 3 erməni vardı. Bir sözlə, ermənilərin Azərbaycanda xoşbəxt yaşamaları göz önündə idi. Bu münaqişə süni olaraq yaradıldı. Bunun heç bir hüquqi və tarixi əsası yox idi.

Yaxın keçmişə nəzər salanda görürük ki, ulu öndər hakimiyyətə gələndə ilk olaraq əhalinin sosial müdafiəsi məsələlərini prioritet seçdi. Ordunun strukturlaşdırılıb möhkəmləndirilməsi, atəşkəsin təmin olunması, məcburi köçkünlərlə, Qarabağ döyüşünün şəhid ailələri və əlilləri ilə bağlı bütün işlərin görülməsi, işğal edilmiş ərazilərin qaytarılması istiqamətində atılan addımlar hər birimizin gözü önündə baş verib. 1993-cü ildə ulu öndər BMT-nin 4 qətnaməsinin icra olunmasına bütün varlığıyla nail olmağa çalışırdı. Bu çox önəmli idi. Daha sonra ATƏT və digər qurumlar müvafiq sənədlər qəbul etdi. 1996-cı ildə Heydər Əliyevin Lissabon sammitindəki atdığı cəsarətli addımlar işğal olunmuş torpaqların geri qaytarılması ilə bağlı idi.
- Bəs süni yollarla münaqişənin yaradılmasında məqsəd nə idi?

- Əsas məsələ Qarabağda bütün ərazinin istila olunması idi. SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə eyni zamanda daha 7 rayondan dinc əhali qovuldu. Məqsəd dağılan müttəfiq respublikalardan birinin Qafqazda hegemonluğunu təmin etmək, üç kiçik müstəqil dövlətin onlardan asılılığına nail olmaq idi. Sonradan Rusiya Ermənistanda ordu yerləşdirdi və Türkiyə, İran sərhədlərini də buradan özü mühafizə etməyə başladı. Təəssüflə qeyd edim ki, həyasız Paşinyan yalançı Qarabağ Respublikası deyəndə bu rayonları da ora daxil edir?! Hələ də status-kvonu saxlamaq istəyirlər. Dəhşətlisi odur ki, BMT-nin 4 qətnaməsinin icrasıyla bağlı Minsk qrupu yaradıldı. Həmsədr dövlətlər isə erməni lobbisinin güclü olduğu Amerika, ermənipərəst mövqeyi ilə seçilən Rusiya və Fransadır. Bunlar bilərəkdən təyin olundu. Otuz ildir bu məsələnin həlli məqsədyönlü şəkildə uzanır. Son zamanlarda İlham Əliyev cənabları bununla bağlı boşboğazlıqlara cavab olaraq bütün çıxışlarında bir kəskin və ciddi ifadə işlədir: “Qarabağ Azərbaycandır!”
- Siz əvvəllər də İlham Əliyevin prezidentliyi dövründə bir çox xarici səfərlərdə rəhbərliyi müşayiət etmisiniz. Bu barədə təəssüratlarınızı bilmək istərdik?

- Doğrudur, harada olmağımıza baxmayaraq Aqarabağ mövzusu mütləq kəskin, beynəlxalq hüquqi normalara uyğun, inandırıcı arqumentlərlə qaldırılırdı, xarici ölkələrdə Azərbaycan lobbisi məsələyə cəlb olunurdu . O dövrdən bu yana münaqişənin müsbət, məqbul həllinin tapılması üçün yollar axtarılırdı. Müstəqilliyin ilk illərində ordumuz yetərincə güclü deyildi, iqtisadi vəziyyətimiz də ürək açmırdı. 2003-cü ildən başlayaraq ölkədə sabitlik bərpa olundu və cənab İlham Əliyev ardıcıl olaraq barışmaz və döyüşkən mübarizəyə keçdi. İlk günlərdən etibarən o, Minsk qrupunun fəaliyyətinin hiss olunmadığını pisləməyə başladı. Prezident görüşlərdə qarşı tərəfdən atəşkəsin vaxtaşırı pozulması və buna oxşar digər konflikt yaradan elementləri qeyd edirdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qızıl Aypara Cəmiyyəti, beynəlxalq humanitar təşkilatlar hadisələrə şahidliyə çağırılırdılar.

Cənab prezident məsələnin həlli üçün ilk olaraq təmkinlilik, tolerantlıq, beynəlmiləlçilik, hüquqa hörmət nümunəsi göstərib ölkəmizin dünyada nüfuzunu qaldırdı və elitar liderlik keyfiyyətlərini hər yerdə sübut etdi. Bütün xarici səfərlərdə öz çıxışlarında o ərazilərimizin istilası məsələsinə xüsusi yer ayırırdı. İlham Əliyev cənablarının xarici siyasətindəki baş məqsədlərindən biri dünyanın diqqətini bu münaqişədə bizim haqlı olduğumuza cəlb etmək idi. Onun erməni şovinizminə son tutarlı cavabı Valdayda oldu. O, dünyanın aparıcı dövlətlərinin iştirak etdiyi forumda bir daha səsləndirdi : “Qarabağ Azərbaycandır və nida işarəsi!”.
- Ancaq hazırki Ermənistan rəhbərliyi öz çirkin əməllərindən əl çəkmir.

- Dövləti idarəetmə bacarığı olmayan, Sorosun təyin etdiyi hay-küyçü Paşinyan 2018-ci ildə hakimiyyətə gələn kimi prezidentimizə yaltaqlıq etməyə, söz verməyə, yalanlar söyləməyə başladı. Beynəlxalq hüquq normalarında danışıqlar aparmağı vəd edərək bizdən vaxt istədi. İlham Əliyev də, dövlət idarəçiliyində xüsusi bacarığa və təcrübəyə malik, münaqişənin sülh yolu ilə həllinə tərəfdar bir insan olaraq onunla razılaşdı. Bir il sonra isə Paşinyan Qarabağ haqqında artıq-əksik sözlər işlətməyə başladı. Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası”nın seçkilərinin nəticəsini qeyd elədi, iclas çağırdı. Şuşanı paytaxt elan etmək istəyi yarandı. Tovuz döyüşləri, avqustda təxribat və nəhayət sentyabrın 27-sində onlar tərəfindən müharibə, hücum prosesləri başladı.

Bizim cəlb olunduğumuz bu döyüşlərdə əsas istəyimiz əzəli torpaqlarımızı azad etmək, məcburi köçkünlərimizin yurdlarına qayıtması, ərazi bütövlüyümüzün bərpa olmasıdır. Məsələnin həllində mövqeyimiz həmişə sülhməramlı olub. Lakin daim qeyd olunub ki, lazım gələrsə, bu məqsədlər üçün döyüş yoluna da əl atılacaq. Bu addıma biz təhrik olunduq. Önəmli yüksəkliklər, bir çox kəndlər azad edildi. Strateji mövqeyinə əsasən, dağlıq ərazidə yerləşdiyinə görə Qarabağ döyüşləri heç də asan deyil. Yüksəkliklər döyüşün gedişatını həll edə biləcək qədər önəmlidir. Ərazilərimizin azad olunmasından sonra müşahidə etdik ki, alçaq separatçılar illər boyu torpaqlarımızda heç də əkinçiliklə, yararlı işlərlə məşğul olmayıblar. Şəhərlər məhv olub, kəndlər dağıdılıb, məhsuldar torpaqlar səhraya dönüb, əksinə, bu ərazilərdə istehkamlar qurulub. Çünki ekstremistlər Qarabağın onlara aid olmadığını yaxşı bilirdi.
- Sabiq mətbuat işçisi və təcrübəli siyasətçi kimi bizə maraqlıdır: son hadisələrə dünya KİV-lərinin münasibətini necə qiymətləndirirsiniz?

- Nə edəsən ki, saytlar, “Feysbuk” səhifələri elektron müharibə alətləri, həqiqəti kütləvi surətdə təhrif edir, tamaşaçıları və dinləyiciləri ustalıqla aldadırlar. Mən bütün bunlardan dəhşətə gəlirəm. Moskvadan sistemli şəkildə ermənipərəst telekanallarda həyasızcasına, bilərəkdən bizim həqiqətlər təhrif olunur. Aparıcılar göz görə-görə yalan danışır, açıq-aşkar erməniləri müdafiə edirlər. Sofistika ilə məşğul olurlar. Belə verilişlər Fransadan, Amerikadan və digər mənəviyyatsız dövlət kanallarında da aparılır.

Nə yaxşı ki, Türkiyə kimi möhtəşəm dövlət yanımızdadır, bizə mənəvi arxa-dayaqdır. Qardaş ölkənin bütün KİV və telekanallarında hər gün dünyanın aparıcı dillərində bizim həqiqətlər təbliğ olunur.

Sevindirici haldır ki, bəşəriyyətin, ölkə liderlərinə nümunə olan bəlağətli, ağıllı beynəlxalq münasibətlər mütəxəssisi cəsarətli prezidentimiz bütün müraciət edən xarici mətbuat orqanlarına bir neçə dildə inandırıcı və həqiqəti açıqlayan müsahibələr verir.

Gəlin, biz hamımız bu sahədə, informasiya müharibəsində möhtərəm prezidentimizin yanında olaq, həqiqətləri daha kütləvi və sadə formalarda təbliğ edək. Mətbuat da humanitar atəşkəsi obyektiv təbliğ etsə, bu, münaqişənin sülh yolu ilə həllinə yardımçı olardı.
- Ancaq XİN başçılarının Moskva görüşündən sonra müvəqqəti atəşkəsə işğalçı dövlət bu günə kimi əməl etməyib. Bu barədə nə deyə bilərsiniz?

- Moskva görüşlərində bərqərar olan humanitar atəşkəs qısa müddətli olmalı idi,məhz ilkin olaraq ölülərin yığılması üçün nəzərdə tutulmuşdu. Sonra isə ərazilərimizin erməni ordusundan tamamilə təmizləndiyi halda danışıqlar baş tuta bilərdi. Biz yenə hümanist addım atdıq, onlara meyitlərini geri qaytarmaq istəyimizi atəşkəslə bildirdik. Biz onların bu müddətdə nə addım atacağını da yoxlamaq istədik. Bu müvəqqəti razılaşmanın icrası ilə bağlı Paşinyan və İlham Əliyevin çıxışlarını müqayisə etdikdə bütün dünyaya aydın oldu ki, uzaqgörən, təmkinli, ağıllı, xalqına bağlı, cəsarətli, sülhsevər lider kimdir. Xalqımız da prezidentimizin ətrafında daha sıx birləşdi. Mən ötən bu müddətdə ölkə əhalisinin Prezidentimizə etimad, inam, həmrəylik və məhəbbətinin belə yüksək həddinə çox sevinirəm və iftixar hissi keçirirəm.

Bir vaxtlar ordudan qaçmağa çalışanlara təsadüf edilirdi, indi isə xalqın bütün təbəqələri döyüşlərə könüllü yazılmaq istədi. İlham Əliyev cənabları çıxışlarının birində Prezident xalq birliyinə və mübarizliyə görə vətəndaşlarımıza minnətdarlığını ifadə edərək dedi: “Mən bilirəm nə edirəm, biz müəyyənləşən proqramlar üzrə hərəkət edirik ”. Humanitar, qısa müddətli atəşkəs nəticəsində əgər onlar hələ də ağıllanmasa, döyüşlər davam edəcək. Biz heç bir mülki vətəndaşa zərər vermədiyimiz halda, onlar günlərdir döyüş ərazisində olmayan şəhərləri bombalayır və çox təəssüf ki, hələ də dünya dövlətləri və beynəlxalq təşkilatlar buna biganəlik göstərir.
- Hadi müəllim 2016-cı ildə aprel döyüşlərindən sonra Siz “Repatriasiya haqqında” qanun layihəsi üzərində işləyirdiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən dünyada mövcud olan bu istiqamətli çoxlu qanunları, beynəlxalq sənədləri o vaxt öyrənib, təhlil etdim. Bizim müvafiq qanun layihəmizin ilk variantını hazırladım. Burada ən başlıca şərt beynəlxalq təşkilatların köməyi ilə ilkin olaraq ərazilərin minalardan təmizlənməsidir. Dünyəvi qanunlarda geridönməyə görə küllü miqdarda həvəsləndirmə üçün bonuslar, maliyyə vəsaitləri ayrılır. Cocuq Mərcanlı kəndində aparılan işlər, son hadisələr onu göstərdi ki, məcburi köçkünlərimiz bütün hallarda öz doğma torpaqlarına nəyin bahasına olursa olsun, qayıtmaq istəyirlər. Buna bütünlüklə hazırdırlar. Ölkə başçısı bu qruplara daim qayğı göstərdiyini, Azərbaycanın əhalinin repatriasiyası (geridönmə) üçün gücə və təcrübəyə malik olduğunu göstərdi. İnfrastrukturu, məktəb və evlərin, müxtəlif binaların tikintisini, yol, qaz, işıq kimi vacib elementləri dövlətimiz təmin edəcək. Bu məsələlərə sahibkarlar, investorlar, qeyri-hökümət təşkilatları cəlb oluna bilər. Möhtərəm prezidentimiz son çıxışlarında bu mövzuyada toxundu, xüsusi proqram hazırlandığını da vurğuladı. Geridönmə prosesinin ermənilərə də şamil olması ehtimalını vurğuladı. Bunun üçün idarəetmə, maliyyə, planlaşdıma strukturları qurulmalıdır. İcrasi nəzərdə tutulan məsələlərə nəzarət olunmalı, bu qurum vaxtaşırı hesabat verməlidir. Görülən işlərlə bağlı mətbuata mütəmadi məlumat çatdırılmalıdır.

Yaşasın prezident-xalq birliyi, yaşasın igid zabit və əskərlərimiz, Qarabağ Azərbaycandır!


Tarix: 14-10-2020, 10:37


Bölməyə aid digər xəbərlər
8-05-2019, 09:22 Şuşasız 27 il...